Haqqımda

Azərbaycanın görkəmli xalq rəssamı Hüseyn Əliyevin nəvəsi, Ədalət Əliyev 1967-ci il fevral ayının 12-də Bakı şəhərində anadan olub. 1983-cü ildə 258 №-li orta məktəbi bitirib. 1985-ci ildə isə hərbi xidmətə yola düşüb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra artıq qarşıda daha bir mühüm vəzifəni yerinə yetirmək vacib idi. Ali təhsil almaq, cəmiyyət üçün yararlı vətəndaşa çevrilmək…. Bu məqsədlə yola çıxan Ədalət Əliyev 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, daha sonra isə 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə təhsil alıb. 

1991-ci ildə ailə həyatı qurub.
Ədalət Əliyev ilk iş fəaliyyətinə 1990-cı ildə Bakı «Saburovo» Yaradıcılıq İstehsalat Birliyində aparıcı-mütəxəssis vəzifəsində çalışmaqla başlayıb. 1991-1992-ci illərdə YTNB «Teatr İttifaqının» Azərbaycan şöbəsində «İRS» kooperativinin xarici əlaqələr bölməsinin müfəttişi, 1992-1995-ci illərdə isə «Gilan» İstehsalat Kommersiya Birliyində xarici iqtisadi əlaqələr üzrə direktor vəzifəsini icra edib. O, həmçinin 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Statistika İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Ədalət Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında həmişə yaxından iştirak edib. O, 15 noyabr 1999-cu ildə Azərbaycan radioməkanında ilk dəfə geniş dinləyici kütləsi üçün nəzərdə tutulan, dünya caz musiqisinin nümuınələri ilə yanaşı, milli caz musiqimizin də səsləndiyi «Lider» radiosunu təsis edib. Ölkəmizin ilk və tək caz radiosunun yaradıcısı Ə.Əliyev novatorluğu və yenilikçiliyi ilə fərqlənir. Onun həyata və musiqiyə baxışı azaddır.
Onun televiziya sahəsində də gördüyü işlər təqdirə layiqdir. Təsadüfi deyil ki, 01 sentyabr 2000-ci ildən fəaliyyətə başlayan və Prezidenti olduğu «Lider» televiziyası məhz Ədələt Əliyevin dəstəyi ilə ilk gündən bu günə qədər insanlarda vətənə məhəbbət hissi və milli-mənəvi dəyərlər aşılayan çoxsaylı, intellektual, maarifləndirici telelayihələr həyata keçirir.
Daima inkişafa meyilli olan, bir çox sahələrdə özünü sınayan bir insan kimi o, hələ məktəb illərində cüdo idman növü ilə, tələbə olarkən isə böyük tennislə məşğul olub. Aykido idman növü üzrə dərəcəyə sahibdir.
Rəssam ailəsində böyümək, yaradıcılıq ab-havası ilə nəfəs almaq, rənglərin və boyaların dilini bilmək bir gəncin həyata başqa bir gözlə - yaradıcı təfəkkürlə baxmağına şərait yaratmışdır. Ə.Əliyev həm də foto sənətinə öz baxış bucağından yanaşaraq, fərqli sənət nümunələri yaradan həvəskar fotoqrafdır. O, gəzməyi, səyahət etməyi sevir. Gəzdiyi ölkələr, gördüyü şəhərlər, gözəl mənzərələr onu yaşanan hər bir gözəl anı fotokameranın yaddaşına köçürməyə sövq edir. Həvəskar fotoqraf olmasına baxmayaraq, Ədalət Əliyev bu işə peşəkarcasına yanaşır. Başqalarının görə bilmədiyini görmək və fotokameranın yaddaşına köçürmək onu digər insanlardan fərqləndirir.
Həyatın bir anı… Müxtəlif zamanlarda və məkanlarda bu anların əks olunduğu fotoşəkillər 2013-cü ildə «İmpression's» adlı albomla Ədalət Əliyevi sevənləri ilə görüşdürdü. Bu albomda müxtəlif mövzulu şəkillər var, ancaq bu müxtəlifliyi birləşdirən bir məqam - işıqla zənginləşdirilən rəng aksenti var… Canlı və cansız olan hər şeydə rəng müəllif üçün ən cəlbedici fenomendir. Elə buna görə də 2013-cü ildə eyni adla təşkil olunmuş fotosərgi böyük maraqla qarşılandı. Bu sərgidə təqdim olunan fotolar bir - çox məşhur fotoqraflar tərəfindən yüksək qiymətləndirilir və sevilir.
Musiqini, idmanı və fotonu sevən bu insan tarixi, mədəniyyəti, milli dəyərlərimizi unutmur… O, rəssamlıq sənətində özünəməxsus dəst-xətti ilə seçilən xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığına göstərilən dəyərin təzahürü kimi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda-Birləşmiş Ərəb Əmirliklərində, Rusiya Federasiyasında, Monteneqroda və Polşa Respublikasında rəssamın əsərlərindən ibarət sərgilərin təşkilini də həyata keçirib.
Ə.Əliyev 2003-cü ildə Azərbaycanda keçirilmiş Bədii Gimnastika üzrə Dünya Çempionatının təşkil olunmasında və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, Beynəlxalq Bədii Gimnastika Federasiyasının prezidenti Egle Abruzini və Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev tərəfindən verilmiş diploma layiq görülüb. «Azərbaycan Mədəniyyətinin Dostları» fondunun təşkil etdiyi tədbirlərdəki iştirakına görə isə fəxri diplomla təltif olunub.
Həmçinin Azərbaycanda dövlət quruculuğunda, ölkədə gedən ictimai-siyasi proseslərin gedişatındakı iştirakına görə 28 yanvar 2005-ci ildə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına, 2008-ci ildə isə televiziyanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunan «Tərəqqi» medalına layiq görülüb. O, hal-hazırda «Lider TV və Radio-Azərbaycan» MMC-nin prezidentidir.